Untitled Document

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ PARALİMPİYA KOMİTƏSİ

AZ / EN

ƏSAS SƏHİFƏ

BİZİM HAQQIMIZDA

DÖVLƏT QAYĞISI

PREZİDENTİN SƏRƏNCAMLARI

FOTO QALİREYA

YARIŞLAR

PARALİMPİYA ÇEMPİONLARI

PARALİMPİYA OYUNLARI 2008

BİZİMLƏ ƏLAQƏ

LİNKLƏR

 

 

 

 

 

Azərbaycan Tarixi

Avropa qitəsində yerləşən Azərbaycan Respublikası dünyanın ən füsunkar guşələrindən biridir. Üç tərəfdən Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağları, bir tərəfdən isə dünyanın ən böyük gölü olan Xəzər dənizi ilə əhatə olunan Azərbaycan hələ qədim dövrlərdən Odlar Yurdu adlanmışdır. Təbiət bu diyardan öz səxavətini əsirgəməmişdir. Yer kürəsinin on bir iqlim tipindən doqquzu Azərbaycanda vardır. Elə ona görədir ki, respublikanın florası və faunası öz rəngarəngliyi ilə seçilir. Onun meşə, dağ və düzənliklərində 97 növ məməli heyvan, 346 növ quş, sularında 95 növ balıq məskən salır. Xəzər dənizində nərə balıqlarının ən qiymətli növləri yaşayır. Azərbaycanda nəsli tükənməkdə olan, adları Qırmızı kitaba salınmış nadir heyvan və bitki növləri çoxdur.

Hazırda ərazisi 86,6 min kv km olan Azərbaycan bəşər mədəniyyətinin ilkin beşiklərindən biri olmuşdur. Qədim insanların bu ərazidə hələ 1,5 -2 milyon il bundan əvvəl məskən salması alimlər tərəfindən sübut olunmuşdur. Azərbaycanın mağara düşərgələrində aparılan arxeoloci qazıntılar qədim daş dövrü insanlarının təşəkkülü və inkişafı, qədim ibtidai icmalar haqqında mə`lumat verməyə imkan vermişdir. Respublikanın paytaxtı olan Bakı şəhərindən təqribən 55km cənubda Qobustan qaya təsvirləri də bu diyarın qədim tarixindən söhbət açır. Sücet müxtəlifliyinə görə həmin təsvirlər eramızdan əvvəl 8-ci minillikdən eramızın XIX əsrinədək bir dövrü əhatə edir.

İlk dəfə e.ə. I minilliyin əvvəlində Cənubi Azərbaycan ərazisində Urmiya gölü hövzəsində mərkəzləşmiş Manna dövləti meydana gəlmişdir. E.ə. VI əsrin əvvəlində qədim Azərbaycan dövləti Manna süquta uğramışdır. Bundan sonra Azərbaycan ərazisində Atropatena, Albaniya kimi dövlətlər mövcud olmuşdur.

Azərbaycan tarixində Şirvanşahlar, Qaraqoyunlu və Ağqounlu dövlətləri dövrü xüsusi yer tutur. Səfəvilər dövləti Azərbaycan tarixinin parlaq səhifəsini təşkil etmişdir. Məhz Səfəvilər dövründə Azərbaycanın birləşdirilməsi, onun ərazisində vahid Azərbaycan dövlətinin yaradılması uğrunda mübarizə getmişdir.

XVIII əsrin ikinci yarısında Azərbaycanda feodal pərakəndiliyi hökm sürmüş və ölkə müxtəlif xanlıqlara parçalanmışdır.

İran - Rusiya müharibələri nəticəsində 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay sülh müqavilələrinin bağlanması ilə Azərbaycan iki yerə parçalanmışdır: cənubi Azərbaycan İrana, şimali Azərbaycan isə Rusiyaya qatılmışdır.

1918-ci il may ayının 28-də Azərbaycan müstəqillik qazanmış və Azərbaycan Demokratik Respublikası yaranmışdır. Lakin 1920-ci ildə sovet Rusiyası qoşunlarının ölkəyə soxulması ilə bu müstəqilliyə son qoyulmuş, Azərbaycanda sovet hakimiyyəti e`lan edilmişdir. 70 il Azərbaycan SSRİ-nin tərkibində, kommunist reciminin əsarəti altında qalmışdır. Bu dövrdə ölkənin öz bayrağı, himni və gerbi olsa da, Azərbaycanın dövlət müstəqilliyi olmamışdır. 18 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olunmuş və Azərbaycan Respublikası öz itirilmiş müstəqilliyini bərpa etmişdir. Konstitusiyaya əsasən Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.

Azərbaycan dövlətinin başçısı Respublikanın prezidenti 1998-ci ilin oktyabr ayında bu vəzifəyə ikinci dəfə seçilmiş Heydər Əlirza oğlu Əliyevdir. Respublikada dövlət dili Azərbaycan dilidir.

Azərbaycan Respublikası Zaqafqaziyanın cənub-şərqində yerləşir və Rusiya, Gürcüstan, Ermənistan və İranın tərkibində qalmış Cənubi Azərbaycanla həmsərhəddir. Qazaxıstan və Türkmənistanla sərhəd Xəzər dənizindən keçir. Hazırda Azərbaycan ərazisinin 20 faizi Ermənistan respublikası tərəfindən işğal edilmiş və təcavüzkar dövlətin silahlı qüvvələrinin nəzarəti altındadır. Ermənistan ərazisində yaşayan azərbaycanlıların deportasiyası və Ermənistanın işğalçılıq müharibəsi nəticəsində ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkün vardır.

Azərbaycan qədim və müasir neft ölkəsidir. Bu diyarda hələ X əsrdə neft hasilatı xüsusi yer tutmuşdur. Qədim İpək yolunun üzərində yerləşən ölkədən şərqə və qərbə neft və başqa məhsullar daşınmışdır. XIX əsrin sonlarında Nobel qardaşları Bakıda neft kompaniyası yaratmışlar. Neft hasilatı hesabına Azərbaycanda sənaye sürətlə inkişaf etməyə başlamışdır. 1913-cü ildə Bakıda 7,7 mln ton, 1966-cı ildə isə 21,5 mln ton neft istehsal olunmuşdur. Xəzər dənizinin Azərbaycan sektorunda zəngin neft yataqları tapılmışdır. Bu yataqların birgə istismarı ilə bağlı dünyanın müxtəlif ölkələrindən olan məşhur neft kompaniyaları ilə böyük müqavilə imzalanmışdır. Əsrin müqaviləsi Azərbaycanda sənayenin və iqtisadiyyatın inkişafında xüsusi rol oynamaqdadır.

Azərbaycan qədim mədəniyyət ölkəsidir. Bu diyar bir çox mütəfəkkirlərin, alimlərin, şairlərin, me`marların, musiqiçilərin vətənidir. Atəşpərəstliyin yaradıcısı Zərdüştün bu torpaqda doğulması ehtimal olunur. Azərbaycan bəşəriyyətə Nizami Gəncəvi, Bəhmənyar, Nəsimi, Füzuli, Nəsirəddin Tusi kimi dahilər bəxş etmişdir. Şərqdə ilk opera Azərbaycanda yaradılmışdır.

Azərbaycan öz xalçaları ilə bütün dünyada məşhurdur. Xalça ustalarının yaratdıqları nadir sənət inciləri dünyanın böyük muzeylərində, şəxsi kolleksiyalarda özünə yer tapmışdır. Odlar Yurdu özünün idman ənənələri ilə də seçilir. Azərbaycan övladları hələ qədimdən güləşməkdə, at çapmaqda, ox atıb qılınc oynatmaqda mahir olmuşlar. Milli güləş, çovqan, sürpapaq kimi milli idman növlərində bu diyarda çox-çox əvvəllər idman yarışları keçirilmişdir. Keçmiş idman ənənəsi bu gün də davam etdirilir. Azərbaycan idmançıları beynəlxalq miqyasda keçirilən idman yarışlarında, Olimpiya Oyunlarında uğurla çıxış edirlər.

Bakı Azərbaycanın paytaxtıdır

Xəzər dənizinin qərb sahilində yerləşən Bakı qədim və müasir şəhərdir. Bura gözəl tarixi abidələri, müxtəlif memarlıq üslublarında tikilmiş binaları, yaşıl parkları, qala divarları arasında salınmış qədim İçərişəhəri, bənzərsiz dənizkənarı bulvarı ilə hamını heyran edir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına açılan amfiteatr şəklindədir. Onun dəniz sahili okean səviyəsindən 28 m-ə qədər aşağıda yerləşir. İqlimi quru subtropikdir. Orta aylıq temperaturu yanvarda 3-4*S, iyulda 25-26*S -dir. İllik yağıntının miqdarı 300 mm-ə qədərdir. Bakı üçün güclü şimal küləyi - xəzri və cənub küləyi gilavar səciyyəvidir. İlin əksər günləri Bakıda külək əsir. Ona görə də bura "küləklər şəhəri" də deyirlər. Əhalisi 2 milyon nəfərdən çox olan Bakıda müxtəlif xalqların və millətlərin nümayəndələri yaşayırlar.

Bakı öz tarixinə görə qədim şəhərlərdən biridir. Onun ərazisində eramızdan əvvəl 3-1-ci minilliklərə aid arxeoloci materiallar tapılmışdır. Onun ərazisində yerdən çıxan təbii qazın alışmasından əmələ gələn od sütunları bir vaxtlar gecə-gündüz yanaraq ətrafa işıq saçmışdır. İnsanlar bu odları müqəddəs saymış ona sitayiş etmişlər. Təsadüfi deyil ki, Bakı atəşpərəstliyin mərkəzlərindən olmuş, burada çoxlu mə`bədlər və atəşgahlar salınmışdır. Dünyanın çox yerindən atəşpərəstlər bu diyara ziyarətə gəlmişlər. Müqəddəs odların sirri isə şəhərin ərazisində torpağın altındakı və dənizin dibindəki zəngin neft və qaz yataqlarındadır. Neft və qaz Bakıya şan-şöhrət gətirmişdir. Bunun sayəsində Bakı hələ orta əsrlərdə Yaxın və Orta Şərqin iri şəhərlərindən birinə çevrilmişdir. Səyyahların mə`lumatlarına əsasən hələ X əsrdə Bakıda neft hasilatı böyük gəlir gətirmiş, bura liman şəhəri kimi tanınmışdır. XII əsrdə Bakı ikicərgəli qala divarları və xəndəklə əhatə olunmuş möhkəm müdafiə edilən şəhər olmuşdur.

1901-ci ildə Bakı dünyada istehsal olunan neftin yarıdan çoxunu verirdi. Bu isə, şəhərin həm saneyə, həm də başqa cəhətdən sürətlə inkişaf etməsinə zəmin yaratmışdır. XIX əsrin sonlarından başlayaraq Bakıda qədim me`marlıq abidələri - Xəzər dənizinin sahilində tikilmiş "Qız qalası", məscidlər, karvansaralar, əzəmətli qala divarları, "Şirvanşahlar kompleksi" (XV əsr) ilə yanaşı, yeni müxtəlif üslublarda tikilmiş yeni binalar ucaldılmışdır. Bütün bunlara görə şəhər şərq və qərb me`marlıq üslublarını özündə birləşdirir, həm qədim, həm də müasir mədəniyyət mərkəzi təsiri bağışlayır. Qədim tarixi abidələr şəhərin qala divarları ilə əhatələnmiş, "İçərişəhər" adlanan hissəsində yerləşmişdir. Buraya çox vaxt "köhnə Bakı" da deyirlər. Bakı bu gün Azərbaycanın təhsil, elm, mədəniyyət və idman mərkəzidir.

 

Azərbaycan Tarixi

Azərbaycanın Ərazisi

Azərbaycanın Əhalisi

Azərbaycanın Dövlət atributları

Bakı Haqqında

Qan Yaddaşı

   
Bakı - 2007
   
   

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi

Adres; Vidadi küç. 64 AZ 1009

Bakı, Azərbaycan.

Tel/Faks: (994 12) 494 54 33, 596 04 37

e-mail: azenpc@azintex.com

   
Используются технологии uCoz